ABŞ prezidenti Barak Obama bildirmişdir ki, o, ABŞ-da orta təbəqənin inkişafına kömək etməyə və iqtisadi artım tempindəki geriləmənin qarşısını almağa çalışır. İşsizlik səviyyəsini azaltmaq və iqtisadi inkişafı sürətləndirmək məqsədilə Obama növbəti həftə bir sıra tədbirlər keçirməyi planlaşdırır. Prezidentin Konqresə seçkilər ərəfəsində seçicilərlə görüşləri də planlaşdırılır.
Qeyd edək ki, Obamanın hakimiyyətə gəldiyi 2009-cu ilin yanvar ayından etibarən ABŞ-da iqtisadi artıma dəstək tədbirlərinə 814 mlrd. dollar vəsait xərclənmişdir. Bu vəsaitlər əsasən yeni yol və körpülərin salınması, yerli icra hakimiyyəti orqanlarının maddi problemlərinin həll edilməsi, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə sərf edilmişdir. İqtisadi böhranın qarşısını almaq istiqamətində ilk addımlar artıq atılmışdır. Lakin Obamanın fikrincə, iqtisadi inkişafı gücləndirmək üçün daha böyük səy göstərilməlidir.Onun fikrincə, demokratların həyata keçirdiyi siyasət amerikalıların daha təminatlı gələcəyini qurmağa qadirdir. Respublikaçılar isə ölkə iqtisadiyyatındakı çətinliklərdə demokratları günahlandırırlar.




