İqtisadi artım sürətinin zəifləməsinə baxmayaraq ötən ay ABŞ-ın 2 Regional Federal Rezerv Bankı faiz dərəcələrinin artırılması istəyi ilə çıxış etmişlər. FRS-nin pul-kredit məsələləri üzrə 10 avqust tarixində keçirilən toplantısında Kanzas-Siti və Dallas FRB prezidentləri faiz dərəcələrinin 1% həddinədək artırılmasına səs vermişlər. Lakin bu təklif digər MB rəhbərləri tərəfindən dəstək qazanmamışdır. Belə ki, toplantı iştirakçılarının böyük əksəriyyəti dayanıqsız iqtisadi artım şəraitində yumuşaq pul-kredit siyasətinin qorunmasını daha labüd hesab etmişlər.
Qeyd edək ki, bu ilin fevral ayından etibarən FRS faiz dərəcələrini 0.75% səviyyəsində qoruyur. Son dəfə 2009-cu ilin sonlarına doğru ölkə iqtisadiyyatında durumun yaxşılaşması fonunda faiz dərəcələri artırılmışdı. Bu ilin ikinci rübündə isə iqtisadi dirçəliş zəifləmişdir, işsizlik səviyyəsi isə yüksək həddə qalmaqda davam edir. "Regional bankların rəhbərləri qısamüddətli perspektivdə zəif iqtisadi artım proqnozlaşdırırlar" - FRS diskond faiz dərəcələrinə həsr edilmiş 9 avqust tarixli toplantı protokollarında qeyd edilir.
FRS-nin Açıq Bazarda Əməliyyatlar üzrə Federal Komitəsinin 10 avqust tarixli son toplantısında MB rəhbərləri FRS-nin qiymətli kağız portfelinin azaldılmasına etirazlarını bildirmişlər. Toplantı iştirakçıları ölkə iqtisadiyyatında tənəzzülün səbəbləri və bu səbəblərlə mübarizə mövsuzunda fikir ayrılığına gəlmişlər. Bundan sonra FRS-nin balans idarəçiliyində cüzi korrektələr edilməsi məsələsi 9 lehinə və 1 əleyhinə səs çoxluğu ilə qəbul edilmişdir.Yalnız Kanzas-Siti FRB prezidenti Tomas Xeniq yeni planın əleyhinə səs vermişdir. Maliyyə bazarlarında durumun normallaşması fonunda 18 fevral tarixində FRS diskond faiz dərəcələrini 0.75% səviyyəsinədək artırmağı qərara almışdı. Qeyd edək ki, maliyyə böhranı başlayarkən FRS kommersiya banklarını kredit almağa stimullaşdırmaq üçün diskond faiz dərəcələrini endirməyə başlamışdı. Bu ilin iyun ayında isə Kanzas-Siti və Dallas FRB rəhbərləri diskond faiz dərəcələrinin artırılması istəyi ilə çıxış etmişlər. FRS isə 19 iyul tarixli toplantısınadək bu məsələni təxirə salmış, lakin son toplantısında bu təklifə baxılmışdır.




